XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Azərbaycanın ən güclü sumoçuları müəyyənləşdi
İdman 17:04 / 09.12.2019

Dekabrın 8-də Abşeron Olimpiya İdman Kompleksində Sumo üzrə Azərbaycan çempionatı keçirilib. Yeniyetmələr, gənclər və böyüklər arasında keçirilən yarışda paytaxtla yanaşı, Sumqayıt, Quba, Xudat, Şabran, Siyəzən, Cəlilabad, Lənkəran, Astara, Şəmkir və digər bölgələri təmsil edən 300-ə yaxın idmançı iştirak edib. Müxtəlif çəki dərəcələri üzrə keçirilən yarışın qalibləri Gənclər və İdman Nazirliyi və Azərbaycan Sumo Federasiyası tərəfindən diplom və medallarla təltif olunublar.
Yarışın sonunda Azərbaycan Sumo Federasiyasının, Avropa Sumo Federasiyasının vitse-prezidenti Samir Abdullayev çempionatla bağlı təəssüratlarını "Olimpiya dünyası” qəzeti ilə bölüşüb. Təcrübəli mütəxəssis çempionatda bölgə idmançılarının fəallığını qeyd edərək, sumonun kütləvilik qazandığını bildirib. "Bütün yaş qrupları üzrə keçirilən sumo üzrə Azərbaycan çempionatı ilə 2019-cu ilə yekun vurduq. İlin son yarışında yetərincə güclü sumoçular qüvvələrini sınadılar. Yeniyetmə, gənclər və kişilər arasında keçirilən yarışda yeni simalar üzə çıxdı. Çempionatın nəticələrinə əsasən, yığma komandanın heyəti formalaşdı. Sevindirici haldır ki, yarışda mükafat qazanan idmançılar arasında paytaxtla yanaşı, bölgələri təmsil edən sumoçular da yer alıblar. Artıq hər il bölgə idmançılarının sayında artım müşahidə edirik. Siyəzən, Şəki və Oğuzda region nümayəndələrimiz var. Onlar həmin bölgələrdə sumonun kütləviliyinə və inkişafına xidmət edirlər. Gələn il ilk sınağımız Macarıstanda keçiriləcək Avropa kuboku olacaq. Yanvar ayında təşkil olunacaq bu yarış gənclər və böyüklər arasında keçiriləcək. Avropa kubokunda təxminən 20-ə yaxın idmançımız qüvvəsini sınayacaq. Azərbaycan çempionatında mükafat qazanan idmançılar da bu yarışlarda iştirak etmək hüququ əldə edəcəklər. Gələn il bizim üçün ən mötəbər yarış isə aprel ayında paytaxtımızda təşkil olunacaq sumo üzrə Avropa çempionatıdır. Bu mötəbər yarışda 20 ölkədən 300-ə yaxın idmançı paytaxtımızda medallar uğrunda mübarizə aparacaq. Kişilər arasında hər çəki dərəcəsində yüksək səviyyəli idmançılarımız var. Lakin qadın sumoçular arasında müəyyən çətinliklərimiz var. Çalışacağıq ki, çempionata qədər bu problemləri aradan qaldıraq. Bundan əlavə sumo idman növü rəsmi olaraq Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınır. İnanıram ki, gələcəkdə sumo güləşini biz Olimpiya Oyunlarının proqramında görəcəyik”, - deyə Samir Abdullayev bildirib.

25004 oxunub

InvestAZ