XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Sərdar Əliyev-70
İdman 11:49 / 25.09.2019

ÜMİDLƏRLƏ BAŞ-BAŞA…

Bu yaxınlarda əlimə bir kitab düşdü.”Mən Yandım,Sən Tükəndin”.Kitabı oxuduqca həm sevinir, həm də təəccüblənirdim. Sevinirdim ona görə ki, müəllifi- 40 ildən artıq ədliyyə və prokurorluq orqanlarında çalışmış,hazırda təqaüddə olan baş ədliyyə müşaviri Sərdar Əliyevi 1985-ci ildən tanıyıram.O zaman Respublika prokuroru olan İlyas İsmayılovun 18 mart 1985-ci il tarixli əmri ilə mən Cəlilabad,Sərdar Əliyev isə Bakı şəhəri Orconikidze (indiki Sutaxanı) rayon prokuroru vəzifəsinə təyin edilmişdik.Həmin vaxtdan başlayaraq xoş və səmimi münasibətlərimiz bu günə kimi davam edir. Üzündən təbəssüm əskik olmayan Sərdar müəllim işgüzarlığı,peşəsini dərindən bilməsi,insanlarla mədəni rəftarı və qanunun aliliyini hər şeydən üstün tutması nəticəsində işlədiyi bütün vəzifələrin öhdəsindən bacarıqla gəlmiş,cəmiyyətdə hörmət və nüfuz sahibi olmuşdur. Təəccüblənirdim ona görə ki,şeirlər,bayatılar,qəzəllər esselər, hikmətli sözlər toplanmış bu kitabı oxuduqca,şair, publisist Sərdarın sanki hüquqşünas Sərdarı üstələdiyini görürdüm. Aparıcı xəttini yaradana bağlılıq və ana məhəbbəti təşkil edən,300 səhifəlik kitabda Allahın adı 166 dəfə, bir o qədər də ana kəlməsi işlədilir. Şair təkcə ananı səmimiyyətlə vəsf etməklə kifayətlənmir, həm də onu bütün varlığı ilə duyur və başa düşür. Anaya həsr etdiyi şeirlərinin birində son günlərini yaşamaqda olan anaya xitabən yazır:



Gecələr yatmayanda,
nəfəsin çatmayanda
Güc toplayıb dediyin
sözün bu oldu ,ana:
"Sənə mən qurban olum”.
Və yaxud anasızlığın nisgilini şair belə təsvir edir:
…Anam,unutma ki,
bu dünyada
bir uşaq qoyub getmisən.

Şair "Ömürdən pay verin siz analara” rədifli şeirində də müdrik insan kimi gənç nəslə ana- bala münasibətləri haqqında nəsihətlər verir,nümunə göstərir. İnsanın anaya bütün yaş dövrlərində möhtac olması Sərdar müəllimin "Ölürəm” adlı şeirində daha qabarıq şəkildə göstərilir:
…Anamı çağırın,anamı,
Məni oxşayb ağlasın.
Sonra özü
gözlərimi bağlasın.

Şairin ana ucalığını göstərən misralarından birini də oxuculara diqqətinə çatdırmaq istəyirəm:

Ölümünlə qorxuzma,fələk,sən məni,
Ölümlə anama qovuşacağam.


Sərdar müəllim bir şeirində isə Allaha bağlılığını belə ifadə edir:

Çox şükür,Allahım,çox şükür Sənə,
Şükr etmək qəlbimin ibadətidir.
Xəyalım yanından deyildir uzaq,
Qəbul et duamı ziyarətimdir.

Poeziyanın dili ilə təkəbbürlü insanlara müraciəti də maraqlıdır Sərdarın.

Tanrıdan yuxarıda deyilsən,insan,
Sən də mənim kimi ona bir qulsan.

Sərdar müəllimin kitabındakı müdrik sözlər və deyimlər də ibrətamizdir.Pula hərislik tarix boyu iyrənc əməllərdən hesab olunub.Sərdar müəllimin bu barədə deyimi olduqca orijinaldır:"Pul-zəmanənin ədalət ilahəsinin üstünə atdığı elə bir fahişədir ki,zaman ona aludə olduqdan sonra kişiliyini itirmişdir”.Onun nəsihətlərində də özünəməxsusluq vardır.”Ədəblə dinləmək də, kamil danışmaq kimi hünər tələb edir”.
Və yaxud "Yaltaqlıq arxa qapıdan keçmək üçün nərdivandır”.”Danışıb gülməyə nə var ki,dərdə şərikolmağa,gərək ürəyin olsun”.
Ailə, ər-arvad münasibəti barədədə də Sərdar müəllimin lakonik deyimləri vardır:

Kişi var qadına ərdir,kişi var quldur,nökərdir.
Qadın var güldür,şəkərdir,qadın var acı zəhərdir.

Sərdar müəllimin məhəbbət şeirləri əsl gənclik ruhu ilə yazılıb.

Açıldı haqq qapısı,
Dayan!Sən açma,bağla,
Sakitcə dur yanımda,
Qoy mən ölüm ,sən ağla!

Və yaxud cavanlıq ehtirası ilə yazdığı aşağıdakı misralara diqqət edək.

Dodaqların bir cüt yaqut parəsi,
Baxışında min bir dərdin çarəsi.
Tellərin düzümü Tanrı ayəsi,
Onu necə gəldi sərmə,günahdı.

Yaxud:
Düşüb sinən üstə qara tellərin,
Onları üstündən yana at, gülüm.
Səhər mehi əndamını üşütsə,
Mənə sığın,mənə bürün yat,gülüm.
Sairin məhəbbətə münasibəti də maraqlıdır:

Söylə,ey gözəl yar, məhəbbət nədir?
Gəncliyin əlində bir piyalədir.
xxx

Sənin atəşində yansam,usanmam,
Pərvanə günahkar sanarmı şəmi?
xxx

Qızıl gül tikanlıdır,
Sevən qəlb hicranlıdır.
Əyildim ətrin duyam,
Dedilər nişanlıdır.

Yuxarıda qeyd etdiyim kimi, mənə elə gəlir ki, sair Sərdar hüquqşünas Sərdarı öz sehirli aləminə salıb. Və elə bu sehirin gücüdür ki, sair həyata, insanlığa, anaya, məhəbbətə həsr etdiyi şeirlərində heç kəsə bənzəməmyə, necə deyərlər, öz yolu ilə getməyə çalışır. Ədəbi yaradıcılıqda öz yolu olanları isə qədirbilən oxucular daha çox sevir və dəyərləndirirlər. Uzun illər boyu dostluq etdiyim hüquqşünas Sərdarın bundan sonra da şair kimi böyük yaradıcılıq uğurları qazanacağına inanıram. Ömrün müdrüklük çağını yaşayan dostumun 27 sentyabr 2019-cu ildə 70 yaşı tamam olur. Əslində bu qeydlərimi onun yubileyi münasibətilə qələmə almağı özümə borc bildim. Ona uzun ömür,can sağlığı və yaradıcılıq uğurları arzu edirəm. Qoy heç zaman ömür yollarında tələsməsin , heç bir ilahi qüvvədə onu tələsdirməsin və bundan sonrakı ömrünü də ümidlərlə baş-başa yaşasın. Özünün də bir şeirində dediyi kimi: Əcəlimlə görüşməyə Ümidlər yubatdı məni...



30905 oxunub

InvestAZ