XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



İradə Qurbanova: “Yeni qələbələrə doğru irəliləmək lazımdır”
İdman 16:39 / 14.08.2019

İradə Qurbanova 20 ildən artıqdır ki, məşqçilik fəaliyyəti ilə məşğuldur. O həm də akrobatika üzrə Azərbaycan yığmasının baş məşqçisidir.
İradə xanım bizə məşqçilik karyerasından, yetirmələrinin əldə etdikləri nailiyyətlərdən danışdı.

- İradə xanım, II Avropa Oyunlarında akrobatlarımızın çıxışı ilə bağlı fikirlərinizi bilmək istərdik.

- II Avropa Oyunlarına hazırlıqlara xeyli vaxtdır ki, başlamışdıq. Çünki bu yarışda iştirak etməyi çox istəyirdik. Ölkəmizdə keçirilən Dünya kuboku yarışları hazırlıq üçün start rolunu oynadı. İntensiv məşqlər edirdik, demək olar ki, dincəlmirdik. Hər yarışdan sonra proqramda dəyişiklik edir, öz üzərimizdə ciddi işləyirdik. May ayında təşkil edilən sınaq yarışlarında iki hərəkətdə yenə dəyişiklik etdik, hansı ki, bizə çox xal verirdi. Qeyd edim ki, Abdulla-Əl Məşayxi və Ruhidil Qurbanlı cütlüyü 4 Dünya kuboku yarışlarının nəticəsinə görə reytinqdə 4-cü yerdə qərarlaşıblar. Düşünürəm ki, akrobatlarımız Minsk-2019 Oyunlarında öz işlərinin öhdəsindən layiqincə gəldilər. Bu uğur hamımızın uğurudur, kollektiv əməyin nəticədir.

- Necə düşünürsünüz, idmançılarımzın Minskdə qızıl medal qazanmağına nə mane oldu?

- Biz medal qazanmaq üçün proqramdan mürəkkəb hərəkətləri çıxardıq. Gimnastlarımız birinci və ikinci hərəkəti yüksək səviyyədə yerinə yetirdilər. Sadəcə, üçüncü hərəkətdə cüzi səhvə yol verdilər. Bu da qızıl medal götürməyimizə mane oldu.

- Deyəsən, məşqlər davam edir?

- Minskdən qayıtdıqdan sonra cəmi 2 gün istirahət etdik. Qarşıda bizi dünya və Avropa çempionatı gözləyir. Bu yarışlarda uğur qazanmaq üçün formada olmaq çox mühümdür. Yenidən məşqlərə start vermişik. Bir sözlə, dincəlmək olmaz. Yeni qələbələrə doğru irəliləmək lazımdır.

- Məşqçi işləmək böyük məsuliyyətdir, deyilmi?

- Uşaqlıqdan gimnastikanı çox sevirəm. Uzun müddət peşəkar idmanla məşğul olmuşam, təcrübəli mütəxəssis Adil Hüseynzadənin rəhbərliyi altında gimnastikanın sirrlərinə yiyələnmişəm. ADBTİA-nı bitirdikdən sonra karyeramı məşqçi kimi davam etdirdim. Hazırda idman ustasıyam. Uşaqlarla işləməyi çox sevirəm. Bundan əvvəl orta məktəbdə bədən tərbiyəsi müəllimi işləmişəm. Atrıq 20 ildən çoxdur ki, məşqçilik edirəm. Məşqçi işləmək çox çətin və məsuliyyətli işdir. Düşünürəm ki, insanın hansı sahədə çalışırsansa, çalışsın, həyatının məqsədi olmalıdır. Mən də çalışıram ki, yetrimələrimə nəsə ötürə bilim və yaxud əksinə, onlar məndən nəsə götürə bilsinlər.
Bundan əvvəl yetirmələrimdən Ayla Əhmədova və Dilarə Sultanova cütlüyü 2009-cu ildə Avropa çempionatının qalibi olub. Onlar da qitə çempionatında 3 medal qazanmışdılar. Həm də Dünya kubokunun mükafatçısı idilər. 2015-ci ildə yetirmələrimdən kişi cütlüyü Avropa çempionatının mükafatçıları sırasında yer aldılar. 2016-cı ildə Ağasif Səmədov və Nurlan Cabbarlı qarışıq cütlüyü isə Dünya Yaş Qrupları Yarışlarını gümüş medalla başa vurmuşdular. Hazırda yığmada kişi, qadın və qarışık cütlüklərdə perspektivli idmançılarımız çoxdur. Hər birimiz onlara inanırıq.

22985 oxunub

InvestAZ