XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024
17 Aprel 2024



UEFA Çempionlar Liqası: “Liverpul” çempion oldu
İdman 11:18 / 02.06.2019


İyunun 1-də UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün final görüşü keçirilib.
Madriddəki "Vanda Metropolitano” stadionunda iki ingilis klubu - "Tottenhem” və "Liverpul” qarşılaşıblar.
Sloveniyalı baş hakim Domir Skominanın idarə etdiyi oyunda hesab erkən açılıb. Matçın 2-ci dəqiqəsində "Liverpul”un futbolçusu Sadio Manenin ötürməsindən sonra top "Tottenhem”in cərimə meydançasında müdafiəçi Musa Sissokonun əlinə dəyib. Hakim "Tottenhem”in qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Zərbəni dəqiq yerinə yetirən Məhəmməd Salah hesabı açıb - 1:0. Birinci hissənin qalan dəqiqələrində hesab dəyişməyib və "Liverpul” fasiləyə minimal hesablı üstünlüklə yollanıb.
Gərgin idman mübarizəsi şəraitində keçən görüşün ikinci hissəsi də qarşılıqlı hücumlarla yadda qalıb. Hesabda geridə olan "Tottenhem” sürətli əks-hücumlarla rəqibin müdafiə xəttini yarmağa çalışsa da, növbəti qolu matçın sonunda rəqib komanda vurub. Qarşılaşmanın 87-ci dəqiqəsində Divok Origi "Liverpul”un ikinci topunu rəqib qapısından keçirərək görüşdə son nöqtəni qoyub - 2:0.
Beləliklə, UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün final qarşılaşmasında "Tottenhem”i 2:0 hesabı ilə məğlub edən "Liverpul” tarixində altıncı dəfə qitənin ən nüfuzlu klub turnirinin qalibi olub.
Final matçından sonra qaliblər mükafatlandırılıb.
Xatırladaq ki, "Liverpul” 1977-ci, 1978-ci, 1981-ci, 1984-cü və 2005-ci illərdə UEFA Çempionlar Liqasının qalibi adını qazanıb. Komanda ümumilikdə üç dəfə bu turnirin finalında məğlub olub. "Liverpul” ötən mövsüm turnirin finalında "Real Madrid”ə 1:3 hesabı ilə uduzub. "Mersisaydlılar” sonuncu çempionluğu 2005-ci ildə İstanbulda "Milan”ı əsas vaxtı 3:3 hesabı ilə başa çatan qarşılaşmada 11 metrlik cərimə zərbələri seriyasında məğlub edərək çempion olub.
Komanda, həmçinin üç dəfə (1973, 1976, 2001) UEFA Kubokunu, üç dəfə isə UEFA Super Kubokunu (1977, 2001, 2005) başı üzərinə qaldırıb.
"Liverpul” klubunun UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümündə qazancı da müəyyənləşib. "Mersesayd” təmsilçisi 110 milyon avro qazanıb. "Liverpul” turnirin qalibi olduğu üçün 19 milyon avro, ümumilikdə turnirdə gəliri isə 74,35 milyon avro olub. İngilis klubu televiziya yayım satışından təxminən 35 milyon avro əldə edib. Nəşrin əldə etdiyi məlumata görə, televiziya satışından "Tottenhem” 1 milyon avro daha az qazanıb.


24118 oxunub

InvestAZ