XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Azərbaycanda uşaq paralimpiyasının inkişafına dəstək veriləcək
İdman 20:15 / 14.06.2019


Avropa İttifaqının (Aİ) Azərbaycanda "Həssas uşaqlar üçün icma və ailə-əsaslı inteqrasiya olunmuş sosial xidmətlərin inkişafı" layihəsinə start verilib.

Bununla əlaqədar Avropa İttifaqı, UNICEF və Azərbaycan Milli Paralimpiya Komitəsinin birgə təşkilatçılığı ilə tədbir keçirilib. Bakı şəhəri, 151 saylı orta məktəbdə baş tutan tədbirdə UNICEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin, Avropa İttifaqının komissarı Yonhannes Han, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov və Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov iştirak ediblər.

Tədbiri açan Edvard Karvardin bildirib ki, Avropa İttifaqı və UNICEF Azərbaycanda birgə əməkdaşlığa start verir. "Bu UNICEF və Aİ əməkdaşlığının yeni mərhələsidir. Bu layihə çərçivəsində həssas vəziyyətdə yaşayan uşaqların müəyyən edilməsi, onlarla əlaqə qurmaq və həyatlarına töhfə vermək sahəsində daha uğurla işləmək olar. Vətəndaş cəmiyyətlərinin nümayəndəsi olaraq bu layihənin başlamasına həsr olunmuş tədbirdə dəyərli tərəfdaşımız olan Milli Paralimpiya Komitəsinin də iştirak etməsi ölkədə vətəndaş cəmiyyətinin nə dərəcədə güclü olmasını nümayiş etdirir", - deyə o qeyd edib.

Avropa İttifaqının komissarı Yonhannes Han çıxışında bildirib ki, Azərbaycanda Uşaq Paralimpiya Komitəsinin mövcudluğu gözəl nümunədir və bir çox ölkələr bu təcrübədən istifadə etməlidir. O, idmanın hər bir gəncin həyatında mühüm rol oynadığını diqqətə çatdırıb və paralimpiyaçı uşaqlara uğurlar arzulayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib ki, 2018-ci ildə nazirlik tərəfindən həyata keçirilən layihələrdən 5 min nəfər uşaq faydalanıb. Bu il ərzində də bu sahədə bir sıra işlərin görüldüyünü bildirən nazir müavini uşaqlar üçün müavinətlərin və Prezident təqaüdlərinin artırılmasının buna misal olduğunu vurğulayıb. O, bu yaxınlarda Prezident İlham Əliyevin Sərəncamı ilə uşaqların inkişafı ilə bağlı 5 milyon manat vəsait ayrıldığını xatırladıb və əmin olduğunu bildirib ki, bu Sərəncam uşaqlarla bağlı müxtəlif sosial layihələrin həyata keçirilməsinə böyük töhfə verəcək.

Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov ölkəmizdə Uşaq Paralimpiya Hərəkatının inkişafından danışaraq deyib: "2013-cü ildə ilk dəfə bu təşəbbüsə başlayanda idman növləri üzrə bir və ya iki uşaq cəlb etmək olurdu. Bu gün isə bütün idman növlərində yüzlərlə uşaq təmsil olunur. Təkcə uşaqlardan ibarət yığma komandaların sayı iki yüzü keçib. Biz bu işi yeni başlayanda valideynlər sağlamlıq imkanları məhdud olan uşaqlarından utanır, onları cəmiyyətdən gizlədirdilər. Bizim mütəxəssislərimiz bu sahədə böyük işlər apardılar və artıq nəticə göz qabağındadır. Bu gün paralimpiyaçı uşaqların valideynləri də bu sahənin inkişafına dəstək olurlar”.

İlqar Rəhimov bu sahədə peşəkar idmançıların yetişdirildiyini qeyd edib və əmin olduğunu bildirib ki, onlar böyük idmanda da öz sözlərini deyəcəklər.

Daha sonra tədbir iştirakçıları paralimpiyaçı uşaqların məşqlərinə baxıblar. Uşaqlara hədiyyələr təqdim olunub.


18670 oxunub

InvestAZ